Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Eko - qablaşdırmalar və onların faydaları

Eko - qablaşdırmalar və onların faydaları

Eko - qablaşdırmalar və onların faydaları

Eko-qablaşdırma təkrar emal oluna bilən, ətraf mühit, insan sağlamlığına və məhsullara zərəri olmayan qablaşdırma növüdür. Bu qablaşdırmalar təbiətdə bir neçə ay ərzində parçalanır. Eko-qablaşdırma nəinki istifadə etdiyimiz tullantıları azaldır, o, həmçinin istehsal zamanı havanın daha az çirklənməsinə səbəb olur. Digər növ qablaşdırma materiallarından fərqli olaraq eko-qablaşdırmalar daha sürətli parçalanır. Parçalanma zamanı atmosferə heç bir zərərli maddələr buraxmır və torpağı çirkləndirmir.


Mündəricat:

  1. Eko-qablaşdırmaların materiallarının növləri hansılardır və onlar nə üçün istifadə olunur?
  2. Eko- qablaşdırmalardan istifadə etməyin faydaları nələrdir?
  3. Eko-qablaşdırmalar ətraf mühitə və insan sağlamlığına necə təsir edir?


1.  Eko-qablaşdırmaların materiallarının növləri hansılardır və onlar nə üçün istifadə olunur?

Bu növ qablaşdırmaların müxtəlif ölçüləri və formaları olur. Ekoloji cəhətdən ən təmiz qablaşdırma kağız və qofrokarton hesab olunur. Eko-qablaşdırmalara nümunə olaraq aşağıdakı kimi bir çox qablaşdırma növlərini göstərmək olar.

Kağız – Bu materialdan hazırlanan qablaşdırmalar müxtəlif əşyaların daşınması və saxlanması üçün praktik və sərfəli həll yoludur. Təkrar emal edilə bilən və bioloji parçalana bilən olduğuna görə qablaşdırmalar üçün ideal seçimidir. Bundan əlavə kağızdan hazırlanan torbalar, qidaları qoruyaraq quru qidaların və quru meyvələrin rəflərdə korlanmadan saxlanmasına təmin edir. Bir çox üstünlükləri olması ilə yanaşı kağız qablaşdırma zərif materialdan hazırlandığı üçün su və ya nəmlə təmas etdikdə asanlıqla zədələnə bilər.

Kraft karton- Un, şəkər, şəkər tozu və qurudulmuş meyvə kimi bir çox qida məhsullarının qablaşdırılmasında istifadə olunan möhkəm kağız növüdür. Buna əlavə olaraq çantaların hazırlanması və paketləmədə də geniş istifadə olunur. Bu növ kağız nəmə davamlı olduğuna görə məhsulların və qidaların təhlükəsiz şəkildə daşınmasını asanlaşdırır. Təkrar emal edilə bildiyinə görə kraft karton ətraf mühit üçün zərərsizdir. Həmçinin, kraft karton qablaşdırmalar plastik qablara nəzərən daha yüngül və daha ucuz olduğundan iqtisadi cəhətdən səmərəli qablaşdırma variantıdır.

Bambuk - dünyanın ən sürətlə böyüyən bitkilərindən biridir. Metal, plastik, sərt ağac, kağız və pambıq əvəzləyicisidir. Tikinti (evlər, binalar, məktəblər), parça və tekstil (salfet, tualet kağızı), mebel sənayesində, diş və saç fırçaları, mətbəx qabları kimi bir çox başqa məhsulların istehsalında geniş istifadə olunur. Həmçinin bambuk materialından hazırlanan məhsullar təkrar emal edilə bilən və gübrəyə çevrilən material olduğundan qida qablaşdırmasında da geniş istifadə olunur. Bambukdan hazırlanmış məhsullar və qablaşdırmalar kağız, plastik kimi bir çox digər materialların alternatividir. Bambuk atmosferə eyni həcmli ağaclardan 35% daha çox oksigen buraxır.

Qarğıdalı nişastası - Adından da göründüyü kimi yeməli qarğıdalı tozundan hazırlanır və məhsulların istehsalında istifadə olunur. Yenilənə bilən, davamlı, tərkibində zərərli toksinlər olmayan və bioloji parçalana biləndir. Xammalı ucuz və dayanıqlı olduğundan qarğıdalı nişastası əsaslı qablaşdırma materialları lif və streç hazırlanmasında da istifadə oluna bilər. Bu qida qablaşdırması, polilaktik turşu yaratmaq üçün şəkərləri fermentasiya etmək yolu ilə hazırlanır. Qarğıdalı nişastasından hazırlanan qablaşdırma qida üçün təhlükəsiz, yağa davamlı olmaqla yanaşı, gübrəyə çevrilə bilir. Boşqab, qab, qutu və s. kimi məhsulların hazırlamasında istifadə edilə bilən bu məhsul polistirola yaxşı bir alternativ ola bilər.

Qofro kağız - həmçinin qofro karton kimi də tanınır. Selüloz liflərindən, yeni və ya təkrar emal edilmiş kartondan və ya digər materiallardan hazırlanır. Müxtəlif forma və ölçülərdə olan bu karton, qablaşdırma üçün çox əlverişli olduğundan, adətən ondan sənayedə qida və məhsulların qablaşdırılması və daşınması üçün istifadə olunur. Qofro karton qutular xüsusilə qidaları zərərli bakteriyalardan qoruyur və qida zəhərlənməsi, allergiya kimi problemlərin qarşısını alır. Bu növ qablaşdırmalar ucuz və qənaətcil olduğundan ayaqqabı qutuları və böyük əşyaların qablaşdırmasında da istifadə edilir. Ekoloji cəhətdən zərərsiz olan qofro karton təkrar emal edilə, yenilənə bilir və gübrəyə çevrilə bilir.

Təkrar emal edilmiş qablaşdırma. Ekoloji təmiz qablaşdırma təkrar emal edilmiş materiallardan da hazırlana bilər. Bu materiallar öncədən istifadə edilmiş plastiklərin yenidən emal edilməsindən alınan məhsullardır. Təkrar emal edilmiş materiallardan istifadə etməklə siz təbii resurslara qənaət etmiş olursunuz. Bununla yanaşı zibilxanalarda toplanan tullantıların miqdarını azaltmağa və yeni materialların toplanması ehtiyacını minimuma endirməklə çirklənməni azaltmağa da kömək edə bilərsiniz.


2. Eko- qablaşdırmalardan istifadə etməyin faydaları nələrdir?

Havaya buraxılan karbon və istixana qazlarını azaldır – Qablaşdırma məhsullarının istehsalı xammalın çıxarılmasından istehsalına, daşınmasına, istifadəsinə qədər müxtəlif mərhələlərdən keçir. Hər bir mərhələ ətraf mühitə müəyyən miqdarda zərərli olan karbon qazı buraxır. Eko-qablaşdırmaların istehsalı zamanı isə havaya daha az karbon qazı buraxılır.

Bioloji parçalana bilir - İstifadə edildikdən sonra bioloji cəhətdən parçalana bildiyinə görə eko - qablaşdırmalar ətraf mühit üçün əla seçimdir. Çünki təbiətdə heç bir zərər vermir.

Qida israfını minimuma endirir - Dayanıqlı qablaşdırma məhsulları qidaların rəflərdə daha uzun müddət qalmasına köməklik etməklə yanaşı həm də qida tullantılarını azaldır.

Toksik deyil və Allergiya yaratmır - Tərkibində zərərli kimyəvi maddələr olan və sintetik materiallardan hazırlanan bəzi qablaşdırmalar həm istehlakçılar, həm də istehsalçılar üçün zərərlidir. Eko-qablaşdırmalar zərərsiz maddələrdən hazırlandığı və bioloji parçalana bildiyi üçün böyük əksəriyyəti toksik deyil və tərkibində allergen olmayan materiallardan hazırlanır.

Eko - qablaşdırma çox yönlüdür - Bəzi digər qablaşdırmalar kimi bu qablaşdırmalar da təkrar istifadə edilə bilər. Qida məhsulları, geyim, kosmetika və hətta elektron cihazlar üçün qablaşdırma axtarırsınızsa, onların daşınması üçün tələblərinizə cavab verəcək ekoloji cəhətdən təmiz qablaşdırma növü tapa bilərsiniz.


3.  Eko-qablaşdırmalar ətraf mühitə və insan sağlamlığına necə təsir edir?

Günümüzdə plastik çirklənmə böyük problemə çevrilərək bir çox ekoloji problemlərə səbəb olur. Bu problemin qarşısını almaq üçün bəzi ticarət brendləri zərərli materiallardan hazırlanan qablaşdırmalardan istifadəni azaldaraq ekoloji cəhətdən təmiz qablaşdırmalara üstünlük verir. Bu da öz növbəsində planetimizin təmiz və sağlam saxlanılmasına köməklik edir.

Toksik riski olmayan və dayanıqlı olan Eko - qablaşdırmalar sintetik və zərərli tullantılarının qarşısını alaraq ətraf mühitin və insanların sağlamlığını qorumağa kömək edir. Son tədqiqatlar insan qanında mikroplastiklər aşkar edib ki, bu da öz növbəsində plastik çirklənmənin birbaşa sağlamlığımıza necə zərərli olduğunu göstərir. Bu növ qablaşdırmalar asanlıqla parçalana bilən və təkrar emal edilə bilən materialdan hazırlananır. Bu da öz növbəsində zəhərli materialların istifadəsini azaltmağa kömək etməklə, allergik reaksiyaların və zəhərli maddələrin məhsullara sızmasının qarşısını alır.


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız