Mündəricat:
1 . PET Nədir və nə üçün istifadə olunur?
2. Nə üçün məhz PET? PET-in üstün cəhətləri.
3. PET-in mənfi chətləri.
PET Nədir və nə üçün istifadə olunur?
Qablaşdırmaların üzərində 1 rəqəmi ilə simvolizə edilən PET, Polietilen Tereftalat adlı çox yönlü materialın qısaldılmış adıdır. İqtisadi cəhətdən əlverişli, birdəfəlik və insan sağlamlığı üçün təhlükəsiz olduğundan bu gün ondan alkoqolsuz, qazlı/qazsız sərinləşdirici içkilərin, su, süd, meyvə şirəsi, enerji içkilərin, yağların, qida qablarının və bir çox digər məhsulların qablaşdırılması üçün istifadə olunur. Bu gün dünyada "polyester" adlanan sintetik lifin yarıdan çoxu PET-dən hazırlanır. PET ilk dəfə 1940-cı illərin ortalarında Şimali Amerikada yeni sintetik liflər axtaran DuPont kimyaçıları tərəfindən sintez edilmişdir.
Nə üçün məhz PET? PET-in üstün cəhətləri.
PET qlobal miqyasda qida və qeyri-ərzaq məhsulları üçün təhlükəsiz, təkrar emal edilə bilən qablaşdırma materialı kimi tanınır. Dayanıqlı, şəffaf, qırılmaz və təkrar emal edilə bildiyinə görə istehsalçılar tərəfindən bir çox məhsulun qablaşdırılmasında məhz bu materialdan istifadə olunur.
PET, onu qablaşdırma üçün əvəzedilməz seçim edən bir sıra unikal xüsusiyyətlərə malikdir:
- Dayanıqlıdır: Bu da onu qablaşdırma üçün ideal seçim edir.
- PET qidalarla reaksiyaya girmir: Bu səbəbdən də qablaşdırılmış məhsulların təhlükəsizliyini təmin edir.
- Yüngül və qırılmazdır: Şüşədən əhəmiyyətli dərəcədə yüngül olması onun daşınmanı asanlaşdırır. O, həmçinin qırılmazdır.
- Təkrar emal edilə bilir: PET dünyada ən çox təkrar emal edilən qablaşdırma materiallarından biridir. Təkrar emal edilmiş PET rPET kimi tanınır. Bir ton təkrar emal edilmiş PET plastik hazırlamaq üçün təxminən 30 000 PET butulka lazımdır. Recoup-un (Plastik resursların səmərəli istifadəsi və təkrar emalı üzrə Böyük Britaniyanın aparıcı təşkilatı) 2014-cü ildə apardığı “Böyük Britaniya Məişət Plastiklərinin Toplama Araşdırması” təsdiqlədi ki, məişət tullantılarını təşkil edən PET məhsulların təxminən 60%-i təkrar emal üçün toplanılır. Təkrar emal edilmiş PET-dən yeni butulkalar, geyimlər, avtomobil hissələri, yorğanlar, gödəkçələr, yastıqlar və yatmaq üçün tulumlar istehsal edilir.
- Şəffafdır: Bu da o deməkdir ki, istehlakçılar qablaşdırmanın içərisini rahatlıqla görə bilir.
- Büdcə dostudur: PET şüşə ilə müqayisədə daha az istehsal və nəqliyyat xərcləri tələb edir.
- Müxtəlif formalara salına bilər: Qızdırılaraq içkilər, müxtəlif qidalar üçün konteynerlər kimi bir çox formaya salına bilər. Ən çox qida və içki sənayesində
istifadə olunur. Bundan əlavə şüşə və alüminium kimi alternativlərə nisbətən aşağı ərimə temperaturuna malikdir.
- PET nəmə və qoxulara qarşı güclü qoruyucu baryer təmin edərək, onu qida, içki və digər həssas məhsulların qablaşdırılması üçün uyğun edir.
PET-in mənfi chətləri.
Bir sıra üstünlüklərə malik olsa da, onun aşağıdakı kimi bəzi çatışmazlıqları da var.
- Təbiətdə yox olmur: Təkrar emal edilmə qabiliyyəti olmasına baxmayaraq PET bioloji parçalanmayan materialdır, yəni təbii şəkildə parçalana bilmir və təbiətdə yox olmur, sadəcə təkrar emal sayəsində başqa bir şey üçün istifadə olunur.
- İstiyə davamlı deyil: PET material olaraq istiliyədavamlı deyil, onu isti məhsulların qablaşdırılmasında və mikrodalğalı sobada istifadə üçün yararlı deyil.
- Çox istifadə etdikdə zərərli ola bilər: Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş PET-dən bir neçə dəfə istifadə etdikdə (məsələn bir su butulkasından bir neçə dəfə istifadə etdikdə), içərisində saxlanılan qida və ya içkiyə kimyəvi maddələr buraxa bilər.
PET gündəlik həyatımızda həlledici rol oynayır. Ondan müxtəlif sənaye sahələrində geniş istifadə olunur. Bir sıra səhiyyə təşkilatları, o cümlədən Avropa Birliyi və FDA, PET-in qida ilə birbaşa təmasının təhlükəsizliyini təsdiqləyib. PET bəzi digər plastik və materiallarla müqayisədə, xüsusən də düzgün şəkildə təkrar emal edildikdə daha ekoloji cəhətdən təmiz hesab edilə bilər. O, həm də yüngül çəkili olduğu üçün nəqliyyatla bağlı həm xərcləri azaldır.